Ötən mövsüm UEFA Çempionları Liqasının qalibi olan "Liverpul" eyni mövsümdə Avro Liqanın qalibi olmuş "Çelsi" ilə Superkubok uğrunda üz-üzə gəlib.
Eurasia Diary xəbər verir ki, İstanbulun “Vodafon Park” stadionunda keçirilən matçda iki İngiltərə nəhəngi gözəl futbol nümayiş etdiriblər.
Tərəflər oyunun əsas vaxtında hərəyə bir dəfə fərqləniblər. Oyunda ilk qolu 36-cı dəqiqədə "Çelsi"nin oyunçusu Olivye Jiru vurub. 48-ci dəqiqədə Sadio Mane "Liverpul"un bərabərlik qoluna imza atıb. 90 dəqiqə ərzində qalib müəyyən olmadığı üçün əlavə vaxta ehtiyac duyulub. 95-ci dəqiqədə Mane komandasının və özünün ikinci qolunu "Çelsi"nin qapısından keçirib. Lakin 101-ci dəqiqədə qarşılaşmanın qadın baş hakimi Stefani Frappar (Fransa) "Liverpul"un qapısına penalti təyin edib. 11 metrəlik zərbəni yerinə yetirən Jorjinyo dəqiq olub. Beləliklə, hesab 2-2 olduğu üçün qalib penalti seriyasında müəyyən olub.
11 metrəlik zərbələri daha dəqiq yerinə yetirən "Liverpul" UEFA Superkubokunun qalibi olub.
“Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) 2:2 (penaltilər 5:4)
Qeyd edək ki, 6-cı dəfə Superkubok oyununda meydana çıxan “Liverpul” 14 illik həsrətdən sonra 4-cü dəfə bu kuboku muzeyinə aparır.