Karateçilərimiz noyabrın 9-da Şimali Makedoniyada Şotokan karate üzrə Avropa çempionatında uğurla çıxış edib. Paytaxt Skopyedə reallaşan yarışda Azərbaycan millisi qələbə qazanıb.
Yığmamız Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, qurumun Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri Arif Məmmədovun başçılığı altında 100-dən çox karateçi ilə təmsil olunub.
Bütün rəqibləri geridə qoyan seçməmiz Hava Limanında coşqu ilə qarşılanıb. A.Məmmədov yarış ilə bağlı təəssüratlarını bölüşüb:
"Dünya Çempionatında Rumıniyadan sonra 2-ci yeri tutduq. Artıq Avropa Çempionatında isə Rumıniyanı geridə qoyaraq 1-ci yeri qazandıq".
Qeyd edək ki, karateçilərimiz ilin sonunda daha bir yarışda qüvvələrini sınayacaqlar. Tatami ustalarımız gələn il Bakıda reallaşacaq "Azərbaycan Open" turnirində mübarizə aparacaqlar.