Bakıda polo üzrə Avropa çempionatına qatılacaq ölkələrin adları dəqiqləşib.
Eurasia Diary apasport-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumat verib.
Məlumatda bildirilir ki, sentyabrın 10-20-də paytaxtımızda ilk dəfə təşkil olunacaq yarışa 8 komanda gələcək.
Yığmamız qitə birinciliyində ev sahibi kimi iştirak edəcəksə, İtaliya çempionatda son Avropa çempionu kimi gücünü yoxlayacaq. Həmçinin reytinqə əsasən, turnirdə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Hollandiya və Avstriya da medallara iddia edəcəklər.
Qeyd edək ki, 13-cü dəfə keçiriləcək Avropa çempionatında İngiltərə 6, Fransa ilə İtaliya hərəyə 2, İspaniya və İrlandiya hərəyə bir dəfə çempion tituluna yiyələnib.