Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk yarış gününə yekun vurulub.
Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Magnus Carlsen Invitational" adlanan turnirə uğurlu start veriblər.
Belə ki, ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Məmmədyarov növbəti 2 partiyada rusiyalı Daniil Dubov və ABŞ şahmatçısı Hikaru Nakamura ilə sülh bağlayıb. 4-cü turda niderlandlı Yorden van Forestə qalib gələn 36 yaşlı qrossmeyster son oyunda Maksim Vaşye-Laqrava (Fransa) uduzub.
Teymur Rəcəbov ilk 4 görüşünü sülhlə başa vurub. 34 yaşlı şahmatçı müvafiq olaraq, Aniş Giri (Niderland), Alan Piçot (Argentina), Uesli So (ABŞ) və Levon Aronyanla heç-heçə edib. Son qarşılaşmada isə Dubov üzərində qələbə qazanıb.
İlk beş turdan sonra Aniş Giri 4 xalla yarışın lideridir. Şəhriyar 3 xalla 4-cü, eyni xala malik Teymur isə əlavə əmsallara görə 6-cıdır.
Qeyd edək ki, növbəti 5 turun oyunları martın 14-də keçiriləcək.