Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Superkubokunun oyununa çıxıb.
Eurasia Diary "Qafqazinfo"ya istinadən xəbər verir ki, Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"la qarşılaşıb.
Hesabı 10-cu dəqiqədə "Rakuv" açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. Buna görə də oyun penaltilərə qədər uzanıb.
Burada daha dəqiq olan "Rakuv" (4:3) Superkubokun qalibi olub. "Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub.
Onun zərbəsi qapı dirəyinə dəyib.
Xatırladaq ki, yeni komandasına tez uyğunlaşan Emreli yoxlama oyunlarında 6, Çempionlar Liqasının 2 matçında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.