“Avro-2023”ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 28-də Avstriya yığması ilə qarşılaşacaq. Oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Ednews Avropa Voleybol Konfederasiyasının saytına istinadla xəbər verir ki, Bakıda Voleybol Mərkəzində təşkil olunacaq oyunun baş hakimi türk Meryem Tekol Pelenk olacaq. Ona serbiyalı Dejan Rogiç kömək edəcək.
Milli komandamız D qrupunda Avstriya, Gürcüstan və Sloveniya seçmələri ilə birgə mübarizə aparır.
Voleybolçularımız ilk iki görüşünü qələbə ilə başa vurublar. Belə ki, komandamız Gürcüstana həm evdə, həm də səfərdə 3:0 hesabı ilə qalib gəlib.
Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcəklər.
Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.