Taekvondo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb.

Ednews-un məlumatına görə, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.

58 kq çəkidə dayan üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddır. O, 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.

Sabah bu 2 çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kq-da keçiriləcək döyüşlər saat 09:00-da başlayacaq.

Qeyd edək ki, mundialın ilk günündə kişilərdə 68 kq, qadınlarda 57 kq çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.