Avstriyada hakimiyyətdə olan koalision hökumət ölkədə ictimai yerlərdə müsəlman qadınlarının istifadə etdikləri və bütün bədəni örtən baş örtüklərini (çadra, burka və s.) qadağan etmək niyyətindədir.
Koalisiyada olan Avstriya Sosial-Demokratlar Partiyası və Avstriya Xalq Partiyasının birgə fəaliyyət sazişində əksini tapan bəndlərdən birində yeni inteqrasiya qanununun qəbul edilməsi nəzərdə tutulur. Yeni qanunda bədəni bütünlüklə örtən çadraların ictimai yerlərdə qadağan olunacağı və eləcə də məhkəmə, prokurorluq və icra orqanları əməkdaşları üçün dini rəmzləri əsk etdirən geyimlərin qadağan ediləcəyi gözlənilir. Eyni zamanda, ictimai yerlərdə islami dini ədəbiyyatın, xüsusilə “Qurani-Kərim”in sələfistlər tərəfindən sərbəst paylanılması və preventiv tədbir olaraq ölkəyə geri qayıdan cihadçılara elektron ayaq qandallarının vurulması da yeni qanunun tərkib hissələrinə aiddir.
Növbəti iki ili əhatə edən fəaliyyət sazişində əksini tapan müddəaların və yeni qanunun nə vaxt qüvvəyə minəcəyi və qadağalara tabe olmayanlar üçün hansı cəzaların tətbiq olunacağı mətbuata verilən açıqlamalarda göstərilməyib.
Avstriyanın ictimai xidmət, müxtəliflik və rəqəmsallaşma üzrə dövlət katibi Muna Duzdar hökumətin planından təəssüfləndiyini bildirib, dini geyim simvollarının müzakirə mövzusuna çevrilməsinin yalnış addım olduğunu və belə bir müzakirənin yalnız bir dini hədəfə almasının isə tamamilə yolverilməz olduğunu bildirib.