Aramsız yağan qar Gürcüstan ərazisində ciddi problemlər yaratmaqda davam edir.
Acarıstan Muxtar Respublikası və ölkənin digər qərb bölgələrində əhalinin xeyli hissəsi elektrik enerjisi ala bilmir, avtomobil yolları bağlanıb, məktəblərdə dərs prosesi pozulub. Səksən məktəb və uşaq bağçası bağlanıb.
Artıq üçüncü gündür Batumi beynəlxalq aeroportu, həmçinin ikinci gündür dəniz limanı işləmir.
Məlumatlara görə, Batumidə və Acarıstanın dağətəyi ərazilərində qarın hündürlüyü 50 santimetr, yüksək dağlıq ərazilərdə 2 metrə çatıb. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb və nəticədə muxtar respublikada 5 mindən çox abonent “işıqsız” qalıb. Gürcüstanın Quri, Sameqrelo və İmereti bölgələrinə də elektrik enerjisinin verilişi dayanıb.
Energo-Pro Georgia şirkətinin nümayəndəsi Qiqa Mamisaşvili “İmedi” televiziyasında çıxışında deyib ki, şirkətinin texniki briqadaları fasiləsiz işləyərək vətəndaşlara elektrik enerjisinin verilişini bərpa etməyə çalışır.
Fevralın 1-də Qara dənizin Gürcüstan sahillərində dörd bal gücündə fırtına olacağı barədə xəbərdarlıq olunub. Muxtar respublikanın ərazisində çovğun olacağı bildirilir.