İsveçin Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentindən Prezident Donald Trampın öz nitqində miqrantlarla bağlı məsələlərə toxunarkən nəyi nəzərdə tutmasına aydınlıq gətirməyi xahiş edib.
İsveç KİV-ləri bu barədə məlumatı krallığın Xarici İşlər Nazirliyinə istinadla yayıblar. Nazirliyin rəsmi nümayəndəsi Katarina Akselson bildirib ki, krallıqda ABŞ Prezidentinin nəyi nəzərdə tutmasını müəyyən etmək istəyirlər.
Xatırladaq ki, ABŞ Prezidenti Floridada çıxışı zamanı “görün, Almaniyada nə baş verir, baxın, dünən axşam İsveçdə nə baş verib. İsveç! Kim buna inana bilərdi? İsveç xeyli sayda qaçqın və miqrant qəbul etdi və onlarda problemlər yarandı!” sözlərini deyib.
Lakin İsveç Xarici İşlər Nazirliyinin sorğusuna cavab tez verilib. Ağ Evin nümayəndəsi jurnalistlərə müsahibəsində qeyd edib ki, Prezident Donald Tramp konkret hadisəni deyil, İsveçdə miqrantlarla bağlı ümumi vəziyyəti, ola bilsin ki, cinayətlərin artmasını nəzərdə tutub.