ABŞ-da təyyarə salonlarında elektron qurğuların daşınmasına qoyulan qadağa "Əl-Qaidə" qruplaşmasının partlayıcı maddəni noutbuk, planşet və digər qurğuların batareyalarında gizlətmək üsulu işləyib hazırlaması ilə əlaqəli ola bilər.
Bunu CBS telekanalına adını gizli saxlayan amerikalı məmur deyib.
Belə hadisələrdən biri 2016-cı ilin fevralında "Daallo Airlines" aviaşirkətinə məxsus təyyarədə baş verib. Həmin təyyarə Somalinin paytaxtı Moqadişodan Cibutiyə uçurmuş. Onun göyərtəsində kamikadze tərəfindən minalanmış noutbukun köməkliyi ilə partlayış törədilib.
XXX
Şimali Afrika və Yaxın Şərqdə 8 ölkənin beynəlxalq aeroportundan ABŞ-a uçan təyyarələrin göyərtəsində elektrik qurğularının daşınmasına müvəqqəti qadağa qoyulacaq.
“Associated-Press” agentliyi bu barədə ABŞ hakimiyyətindəki anonim mənbəyə istinadən məlumat yayıb.
Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. ABŞ-ın Nəqliyyat üzrə Təhlükəsizlik Administrasiyası aviaşirkətləri bu barədə bu gün məlumatlandıracaq.