Norveçdə daha bir partlayıcı qurğunun tapıldığı iddiası ilə bir nəfər saxlanılıb.
“newsru.com”un verdiyi xəbərə görə, ölkənin şərqindəki Porsqrunn şəhərində tapılan şübhəli əşyanı zərərsizləşdirmək üçün paytaxt Oslodan mina təmizləyənlər cəlb edilib. Polis əməkdaşları hadisə yerini əhatəyə alıb, 6 nəfər təxliyə edilib. Hadisə yerinə yaxın yaşayanlar isə təhlükə zonaları və hərəkət etmə qaydalarına aid göstərişlər alıblar. Bir kilsə və iki yaşayış evi olmaqla, ümumilikdə 4 bina əhatəyə alınıb.
Aprelin 8-də Stokholmda baş verən terror aktından sonra Norveçdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanlarının silahlı əməkdaşları küçələrdə keşik çəkir.
Qeyd edək ki, ötən şənbə günü Osloda partlayıcı qurğuya bənzər şübhəli əşya aşkarlanıb. Həmin əşya məsafədən idarə olunan robot vasitəsilə partladılıb. Hadisə ilə bağlı 17 yaşlı Rusiya vətəndaşı saxlanılıb. O, iki həftəlik həbs edilib.(apa)