ABŞ-ın Florida ştatında “İrma” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb
APA-nın məlumatına görə, bu barəd “Associated Press” agentliyi xəbər verib.
Ştatda tüğyan edən “İrma” qasırğası 6 milyondan çox sakini elektrik enerjisiz qoyub.
Ötən gün ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.
Qeyd edək ki, Corciya ştatında "İrma" qasırğası 2 nəfərin ölümünə səbəb olub. Hazırda “İrma” qasırğası Alabama ştatına yaxınlaşır.
***
04:16
ABŞ-ın Corciya ştatında daha bir nəfər "İrma" qasırğasının qurbanı olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sendi Sprinqs şəhərində ağac yaşayış evinin üzərinə düşüb. Nəticədə evin sahibi ölüb.
Bundan əvvəl Uort dairəsində 62 yaşlı kişinin meyiti aşkarlanıb. Hazırda “İrma” qasırğası Alabama ştatına yaxınlaşır. Təbii fəlakətlə əlaqədar ABŞ prezidenti Donald Tramp ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib.
Qeyd edək ki, ötən həftə Karib adalarında qasırğa nəticəsində 20-dən çox insan ölüb. “İrma” son 10 ilin ən güclü qasırğası sayılır.
***
01:29
ABŞ-ın Corciya ştatında "İrma" qasırğası 1 nəfərin ölümünə səbəb olub.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, ölüm faktı ştatın paytaxtı Atlantadan 170 km cənubda, Uort dairəsində qeydə alınıb.
Hazırda “İrma” qasırğası Alabama ştatına çatmaqdadır. Bundan əvvəl "İrma" qasırğası nəticəsində Florida ştatında 3 nəfər həyatını itirib.