İstanbul Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları Votsap yazışmasını izləməklə miqrantların həyatını xilas edib.
Türkiyə mətbuatı xəbərinə görə, miqrantları Avropa ölkələrinə qaçaq yolla aparmaq istəyən şəbəkə üzvlərinin əməli üzə çıxıb. Miqrantların olduğu ağzı bağlı yük maşını saxlanılıb və içərisində 10-u uşaq, ümumilikdə 48 İraq və suriyalı miqrant havasızlıqdan ölmək üzərəykən xilas ediliblər.
Əməliyyat zamanı havasızlıqdan ölmək üzərə olan 2,5 yaşlı Roj Anvar da xilas edilib. O, 2 il əvvəl Bodrum sahilində suya düşərək boğulan və cəsədi sahilə çıxan 3 yaşlı Aylanı xatırladıb. Ancaq xoşbəxtlikdən Roj Anvar eyni aqibəti yaşamayıb. Məlumata görə, uşağın atası və anası ötən il Suriyadan qaçaraq Vana gəliblər. Suriyalı ailənin bir müddət Vanda yaşadığı, daha sonra İstanbula köçdükləri məlum olub.