Rusiya Dumasının eks-deputatı Denis Voronenkovun ölümü ilə bağlı sifarişi onun həyat yoldaşı Mariya Maksakovanın vətəndaş nikahında yaşadığı keçmiş əri Vladimir Tyurin verib.
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş prokuroru Yuri Luçenko söyləyib. Luçenko Tyurinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olan kriminal avtoritet olduğunu bildirib.
Qeyd edək ki, Rusiya Dumasının eks-deputatı Denis Voronenkov martın 23-də Kiyevdə qətlə yetirilib. O, 2016-cı ildə Rusiyadan Ukraynaya qaçmışdı. Kommunist Partiyasından olan deputatı Rusiya beynəlxalq axtarışa vermişdi.
Vladimir Tyurin İspaniya rus mafiyasının əsas liderlərindən biri sayılır. Ona qanuni oğru statusu rus mafiyasının keçmiş lideri Vyaçeslav İvankov (Yaponçik – red.) tərəfindən verilib. Tyurin rus mafiyasının digər mərhum lideri Aslan Usoyanın (Ded Xasan – red.) ən yaxın adamlarından sayılıb. (Axar.az)