Danimarkanın immiqrasiya və inteqrasiya məsələləri üzrə naziri İnqer Stoyberqin xidməti avtomobili qadın miqrantı vurub.
Olay nazirin Syaelsmark şəhərindəki Deportasiya Mərkəzinə baş çəkdiyi zaman baş verib. Bu mərkəzdə sığınacaq almaqla bağlı müraciətlərinə rədd cavabı verilən, Danimarkadan deportasiya olunacaq miqrantlar saxlanır.
İ.Stoyberq mərkəzə DR telekanalının "22 Søndag" proqramına çəkiliş üçün yollanmışdı. Nazir və çəkiliş qrupu miqrantların yaşam şəraitindən xəbərdar olmaq üçün yalnız bir ailə - iraqlı kürdlər ilə görüşüblər. Bu isə mərkəzdəki miqrantların qəzəbinə səbəb olub.
Mərkəzdə əsəblər tarıma çəkiləndə polis naziri çölə çıxarıb və burada Stoyberqi təqribən 40 miqrant qarşılayıb. Miqrantlar nazirin xidməti avtomobilinin qarşısını kəsiblər.
Stoyberq maşına oturandan sonra miqrat qadın özünü avtomobilin önünə atıb. Lakin sürücü maşını saxlamayıb və miqrant qadının üzərindən keçib.
Yerli polisdən verilən məlumata görə, "qaçqın qadın bir qədər xəsarət ala bilər".(milli.az)