2016-cı ilin sentyabrından etibarən nəzarətsiz bir formada səyahət edən Çinin ilk kosmik gəmisi “Tiangong-1”in dünyanın hansı nöqtəsinə və nə zaman düşəcəyi ilə bağlı bir ehtimal irəli sürülüb.
Avropa Kosmik Agentliyi (ESA) 8,5 ton ağırlığındakı kosmik gəminin yanvar və mart ayları arasındakı bir tarixdə Yerin atmosfer qatına girəcəyini təxmin edir.
Gəminin düşəcəyi koordinasiya nöqtələrinin isə İspaniya, İtaliya, Hindistan və Türkiyə ərazisində olduğu bildirilir.
Çin 2011-ci ildə kosmosa göndərdiyi bu kosmik gəmi vasitəsilə daha böyük bir kosmik baza inşa etməyi hədəfləyirdi. Lakin 2016-cı ildə çinli alimlər gəmiyə nəzarətin itirildiyini bildirdi.
Yerdən 300 km yüksəkdə planetin orbitində nəzarətsiz bir formada hərəkət edən “Tiangong-1”in atmosferə girişi əsnasında onun böyük hissəsinin yanacağı təxmin edilir. Ancaq onun kütləsi böyük olduğu üçün yansa belə, geriyə qalan parçaları Yerə düşəcək.
2011-ci ildə kosmosa gedən “Tiangong-1” istifadə müddətini 2013-cü ildə tamamlamış, gəminin heyəti isə həmin müddətdə oradan ayrılmışdı.(publika.az)