Suriyada iki ildir PKK-PYD terror təşkilatının sözçülüyünü edən Talal Silonun Türkiyəyə təslim olması ABŞ-ı qorxuya salıb.
ABŞ sözçünün PKK və İŞİD arasındakı qaranlıq məqamları deşifrə edəcəyindən qorxur.
Təxminən 45 gün öncə PKK-nın hücumundan qurtulmağı bacaran T.Silo özü ilə birlikdə bir çox bilgi və sənəd də gətirib. Bu sənədlərlə birlikdə Əyn əl-Ərəbdən başlayaraq 40 000 kilometrlik bölgəni işğal edən, 3 milyondan artıq dinc sakini qaçqınlığa məcbur edən, Rakka, Tabka, Deyr əz-Zor, Haseki, Münbic və Təl Əbyəd şəhərləri başda olmaqla, bir çox yaşayış yerini xarabalığa çevirən və İŞİD ilə çirkli ittifaq quran PKK-ABŞ cəbhəsinin bu müddət ərzində həyata keçirdiyi bir çox sui-istifadə halları da üzə çıxacaq.
ABŞ bütün oyunlarının üzə çıxmasından qorxaraq Türkiyəni “adamlarını qaçırmaq”da ittiham edib. Daha sonra sözçünün öz istəyi ilə təslim olduğu bu iddianı boşa çıxarıb.
Rəsmi Vaşinqtonun T.Silonun etiraf edəcəyi hadisələri və bilgiləri etibarsızlaşdırmaq üçün hərəkətə keçəcəyi gözlənilir. ABŞ-PKK cəbhəsi isə PYD-nin daxilində geniş təhqiqat işinə başlayaraq T.Silonun Türkiyəyə keçməsində əli olanları təsbit etməyə çalışır. Bu çərçivədə artıq Münbiç və Əyn əl-Ərəbdə 20-dən çox şübhəli həbs edilib. (Publika.az)