İspaniyada hökumət böhranı davam etməkdədir. Ötən ilin payızında keçirilmiş parlament seçkilərindən sonra konqresdə yer alan siyasi partiyalar keçən müddət ərzində bir neçə dəfə cəhd etsələr də, koalisiya hökuməti qura bilməyiblər. Nəticədə təkrar parlament seçkilərinin təyin edilməsi ehtimalı güclənib.
Aprelin 25-26-da İspaniya Kralı VI Felipe parlamentdə təmsil olunan siyasi partiya liderləri ilə növbəti dəfə görüşəcək. Əgər onlardan kimsə monarxı hökumət qura biləcəyinə əmin etməsə, yeni parlament seçkiləri iyunun 26-na təyin olunacaq.
Parlamentdə təmsil olunan 4 əsas siyasi partiyadan ən az səsə malik "Ciudadanos"(Vətəndaşlar) partiyasının sədri Albert Riviera təklif edib ki, baş nazir postuna heç bir partiyanın lideri namizəd olmasın. Bu halda təkrar seçkilər keçirmədən keçid hökuməti yaratmaq olar. Analitiklər hesab edirlər ki, Riviera bu təkliflə seçicilərinə ölkəni təkrar seçkilərə sürükləməmək üçün əlindən gələni etdiyini göstərmək istəyir.
"Azərtac"