Yaponiyanın Baş naziri Şinzo Abe Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım göstərmək üçün əlavə büdcənin hazırlanması barədə göstəriş verib.
Ş.Abe bildirib ki, hökumət zəlzələ nəticəsində insanların düşdüyü vəziyyəti və çəkdiyi əziyyəti nəzərə alaraq, onlara yardım göstərmək üçün 2016-cı maliyyə ilində əlavə büdcə layihəsi hazırlayacaq. Büdcə layihəsi yaşayış şəraitinin yaxşılaşdırılması və maliyyə yardımı da daxil olmaqla, digər lazımi məsrəfləri əhatə edəcək.
Bununla yanaşı, Ş.Abe deyib ki, zərər çəkən prefekturada infrastrukturun və biznesin bərpası, həmçinin dağıntı nəticəsində yaranmış tullantıların təmizlənməsi məqsədilə hökumətin yanında xüsusi fond təsis ediləcək.
Baş nazir maliyyə naziri Taro Asoya və digər əlaqədar nazirlərə əlavə büdcə layihəsinin iyunun 1-də başa çatacaq parlamentin cari sessiyası ərzində hazırlanması ilə bağlı təlimatlarını da çatdırıb.
"Azərtac"