Ağ Ev dünən ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığının məzmununu düzgün və tam çatdırmayıb.
Bu barədə “Anadolu” agentliyi dövlət mənbələrinə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, Türkiyə tərəfinin iddiası Ağ Ev tərəfindən dünən ABŞ və Türkiyə prezidentlərinin söhbətinin məzmununa dair yayılan rəsmi məlumat barədədir.
Sənəddə qeyd edilir ki, Tramp Afrində zorakılığın eskalasiyası iki ölkənin Suriyada hədəflərinə nail olmağa maneə törədə bilər və bu, onda narahatlıq bildirir.
Ağ Ev rəhbəri həmçinin ABŞ-ın Türkiyəyə münasibətinə dair Türkiyə KİV-lərində yayılan məlumatları “destruktiv və yalançı ritorika” adlandırıb.
“Anadolu” agentliyi isə mənbələrə istinadən xəbər verir ki, Tramp Ərdoğana nə təcavüzün eskalyasiyasına görə narahat olduğundan, nə də Türkiyə KİV-lərinin destruktiv və yalançı ritorikasından bəhs etməyib. Prezidentlər Afrində keçirilən əməliyyatı müzakirə edərkən yalnız fikir mübadiləsi aparıblar və bunun kənarında hər hansı məsələni müzakirə etməyiblər.
Agentlik Trampın ikinci məsələ ilə bağlı yalnız Türkiyədə ABŞ-ın açıq-aşkar şəkildə tənqid olunmasından narahat olduğunu bildirdiyini qeyd edir.