Son günlər Türkiyənin Suriyanın Afrin bölgəsində PKK-nın Suriya qanadına qarşı apardığı, “Zeytun budağı” adlı hərbi əməliyyatlar beynəlxalq siyasi gündəmin ağırlıq mərkəzindədir. Nüfuzlu beynəlxalq KİV-lər və analitik çevrələr rəsmi Ankaranın qərarının hansı nəticələrə gətirib çıxaracağı haqqında fikir bildirir.
Əməliyyatların ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyə ilə əlaqələrinin gərginləşməsi fonunda aparılması Amerikada da ciddi müzakirə predmetinə çevrilib.
“Donald Trampın əqli ilə bağlı məsələlər və Ağ Ev administrasiyasının buraxılması haqqında müzakirələr gedərkən Türkiyə Suriyada İŞİD terror təşkilatının məğlub edilməsində böyük rol oynayan, Amerikanın müttəfiqi olan kürdlərə hücum edir”.
Modern.az saytının məlumatına görə, bu haqda nüfuzlu “Washington Post” nəşri yazıb.
ABŞ-ın müdafiə naziri Cim Mattis isə qeyd edib ki, Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı hücumlar etməsi İŞİD-ə qarşı mübarizədə beynəlxalq səylərdən yayınmaya gətirib çıxarır və humanitar yardım mexanizmlərini pozur.
Mattisin sözlərinə görə, ABŞ Türkiyənin sərhəd təhlükəsizliyini qorumaq cəhdlərini alqışlayır, lakin onu da istəyir ki, Türkiyə Suriyadakı hərbi əməliyyatları minimuma endirsin.
Nəşr yazıb ki, Amerika prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın addımını həvəslə qəbul edib və Ərdoğanın daxildə apardığı repressiyalarına göz yumub.
“Tramp bununla yanaşı Suriyanı yanlış bir atəşkəs vasitəsi ilə Rusiyaya təhvil verib” –deyə belə yazılıb.
ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelman isə qeyd edib ki, aparılan əməliyyatlar Vaşinqtonla Ankara arasında olan gərginliyin davamıdır.
“Bu gərginliyin iki səbəbi var. Birincisi budur ki, Ərdoğan özünün avtoritarlığını gücləndirir. İkincisi isə 2011-ci ildən etibarən ABŞ-la Türkiyə özlərinin Suriyadakı starteji maraqlarını yanlış anlamağa başladılar”-deyə Edelman bildirib.
Eks-səfirin fikrincə, Türkiyənin hərbi əməliyyatları onu göstərir ki, ABŞ Raqqa azad olunandan sonra kürdləri və Suriyanı tərk etməyi planlaşdırmırdı. Buna görə də, Ərdoğanın qərarı məhz Amerikanın maraqlarına görədir, ona qarşıdır.
İkincisi isə budur ki, Ərdoğan 2016-cı ilin iyulundakı dövlət çevrilişinə cəhddən sonra fövqəladə vəziyyət rejimini uzatmaqla öz hakimiyyətini möhkəmlətməyə xidmət edir.
Nəhayət keçmiş səfir üçüncü amil kimi qeyd edir ki, Türkiyədə anti-Amerika əhval-ruhiyyəsinin yaradılması həmişə Türkiyə hökuməti üçün yaxşı siyasət olub.