Türkiyənin Afrindən sonra Menbiçə hücum edəcəyini açıqlaması ABŞ-ı təşvişə salıb. Ankaranın bu məsələdə təkid etməsi Vaşinqtonu geri addım atmağa vadar edib.
Xarici media xəbər verir ki, ilk olaraq, Menbiçdən geri çəkilməyəcəyini bildirən ABŞ tərəfindən bu məsələ ilə bağlı yeni açıqlama gəlib.
Pentaqonun sözçüsü Adrian Hallovey “Türkiyə və ABŞ hərbi qüvvələri Menbiçdə qarşı-qarşıya gələ bilər” sualına belə cavab verib:
“Türkiyə ilə bu məsələni həll etmək üçün səylər göstəririk. Hər bir addım atıldığında Türkiyənin təhlükəsizlik məsələsini üstün tuturuq. Bu məsələ qarşılıqlı əməkdaşlıqla həll edilə bilər. NATO-da müttəfiqimiz olan Türkiyənin yanındayıq. Türkiyə tərəfi ilə müzakirələri davam etdirəcəyik”.
Pentaqon nümayəndəsi Afrin əməliyyatlarını da dəyərləndirib:
“Suriyanın şimal-qərbindəki vəziyyətdən çox narahatıq. Bütün tərəfləri İŞİD-ə qarşı mübarizəyə və dinc sakinləri qorumağa çağırırıq. Bundan başqa, PKK-nın müttəfiqimiz Türkiyəyə hücumunu qəbul etməyəcəyik”.