Konqresin qəbul etdiyi CAATSA qanunu var və bu, hər kəsə tətbiq edilir.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Rusiyadan S-400-lər almasını şərh edən ABŞ Dövlət katibi Reks Tillerson söyləyib.
“Dünyanın hər yerində atdığımız addımlardır. Bu qanun Türkiyəyə qarşı deyil. Bu qərar Rusiyaya qarşıdır. Bir çox ölkələrə öz narahatlığımızı çatdırırıq. Bunu Türkiyə ilə müzakirə edəcəyik və onlara hansı riskləri aldığını bildirəcəyik. Bu məsələlər çox diqqətlə izləniləcək”, – deyə o bildirib.
Çavuşoğlu Türkiyənin hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı olduğunu deyib:
“Türkiyə əsla təhdid dilində danışmaz. Biz bu məsələləri təkcə bu gün müzakirə etməmişik. Konqresdə çıxan bir qərar var. Bunu bizə izah etməyə çalışdılar. Amma bir məsələ var ki, bizim hava hücumundan müdafiə sisteminə təcili ehtiyacımız var. Müttəfiqlərimiz bunu vermir. Rusiya bunun üçün cəlbedici təkliflər verdi. Biz sonuncu dəfə EuroSAM-la ortaq istehsalla bağlı razılaşdıq. Demək ki, biz müttəfiqlərimizlə işləməyi bacarırıq. Bilirsiniz ki, sərhədlərimizdən “Patriot”lar çəkilib. Bizim isə belə sistemlərə təcili ehtiyacımız var. Burada hər kəs bir-birini anlamalı və hörmət etməlidir”.