Ötən ilin sonunda keçirilən seçkilər nəticəsində formalaşmiş İspaniya parlamenti mayın 3-də buraxılacaq. Bu parlament ötən müddət ərzində yeni hökuməti qura bilmədi və konstitusiya ilə ayrılmış vaxt artıq başa çatdı.
Parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin yekdil fikri bundan ibarətdir ki, təkrar parlament seçkiləri üçün ən uğurlu tarix iyun ayının son bazar günü - 26-dır. Seçkilərin daha sonraya saxlanılması yay mövsümünə görə seçicilərin əksəriyyətinin seçki məntəqələrinə gəlməməsi riskini artıra bilər. Bu, o deməkdir ki, yeni parlament formalaşana və onun yeni hökumət quracağı vaxtadək İspaniyanı yenə də Mariano Raxoyun rəhbərlik etdiyi köhnə hökumət idarə edəcək. Baş nazir funksiyalarını müvəqqəti icra edən M.Raxoy və kabinetin digər üzvləri isə ölkədə ciddi islahatlar apara, yeni qanunlar çıxara bilməzlər. Onlar yalnız cari idarəetməni həyata keçirə bilərlər.
Parlamentin kiçik hissəsi seçkilərə qədər saxlanılacaq. Onların da əsas funksiyası məhz yeni seçkiləri hazırlamaq və keçirilməsinə nəzarət etmək olacaq.
"Azərtac"