ABŞ Suriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malik olduğunu bəyan edib. Bu barədə ötən gün jurnalistlərə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib.
“Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir”, - deyə məmur qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Buna cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.