İran Prezidenti Həsən Ruhani 23-cü Tehran Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində İranın öz inanclarına əsasən öhdəliklərinə sadiq qalacağını bəyan edərək deyib: “Müxtəlif ölkələrin prezidentlərinin İrana səfərləri və uzunmüddətli müqavilələrin imzalanması İrana etimad mənasındadır. İran xalqı nüvə müzakirələrində dünyada güclü ölkələr qarşısında böyük uğur qazandı. Bu da, İranın, qarşı tərəfin, regionun və dünyanın xeyrinədir . Xarici şirkətlərin İranda iştirakı və xarici bankların sərmayələrinin İrana doğru axını nüvə müzakirələrinin uğurunun hamının xeyrinə olduğunu göstərir”.
"Eurasia Diary" xəbər verir ki, çıxışı zamanı Ruhani İranda söz azadlığının olmasının tərəfdarı olduğunu qeyd edib: “Ədəbiyyatşünaslar, tənqidçilər həbs edilməməlidir”.
İran prezidenti həmçinin 23-cü Tehran Beynəlxalq Kitab Sərgisində xarici ölkələrin nümayəndələri, xüsusilə də Rusiya prezidenti nümayəndəsinin iştirakını alqışlayıb.
Xatırladaq ki, 23-cü Tehran Beynəlxalq Kitab Sərgisi bu gün İran prezidentinin iştirakı ilə "Sabah oxumaq üçün gecdir" şüarı adı altında başlayıb.
Bu sərgi may ayının 14-nə qədər fəaliyyət göstərəcək.