Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.
Aprelin 23-dən 27-dək davam edəcək sessiya çərçivəsində qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq.
O cümlədən, Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzuları müzakirə ediləcək.Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq.