Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir.
Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu ildə qeyd olunub.
Bu tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.
Məlumat üçün bildirək ki, BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı "Kanal Otel"də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.
Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.(qafqazinfo)