Rusiyanın birinci prezidenti Boris Yeltsin zamanında şəxsən ABŞ-ın eks-prezidenti Bil Klintonu Vladimir Putini özünün xələfi seçdiyi haqda məlumatlandırıb.
Bu barədə informasiya Bil Klintonun rəsmi saytında yer alıb. Belə ki, saytda Klintonla Yeltsinin telefon əlaqəsinin stenoqramı yerləşdirilib.
1999-cu ilin sentyabrına aid telefon danışığı zamanı Yeltsin Klintona 2000-ci ildə Rusiyanın prezidentinin kim olacağıyla bağlı çox düşündüyünü və yekun seçiminin Putin olduğunu deyib:
“Mən Putinin tərcümeyi-halını, maraqlarını və əlaqələrini tədqiq etmişəm. Belə anlayıram ki, o, etibarlı adamdır. Eyni zamanda o, ciddi, güclü və çox ünsiyyətcil insandır. Əminəm ki, onun namizədliyini 2000-ci ildə dəstəkləyəcəklər”.
Tərəflər arasındakı növbəti telefon danışığı isə noyabrın 19-da olub. Bu zaman Klintonun seçkidə kimin qalib gələcəyi sualına Yeltsin əminliklə “Putin” cavabını verib və onu “demokrat, Qərbi bilən” adam adlandırıb.