ABŞ Dövlət Departamenti üç ayrı paket üzrə Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 6 milyard dollarlıq silah satılacağı barədə xəbərləri təsdiq edib. Bu barədə cümə günü Pentaqon ABŞ Konqresinə müvafiq sertifikatları təqdim edib.
Eurasia Diary xəbər verir ki, hazırda Birləşmiş Ştatlar İrana qarşı sanksiyaların həyata keçirilməsində Körfəz ölkələrinin dəstəyinə ehtiyac duyur. Aprel ayında Vaşinqton THAAD raketlərindən ibarət müdafiə sisteminin Səudiyyə Ərəbistanına satılması üçün hərəkətə keçib. Mayın 3-də Konqresə göndərilmiş sənəddə qeyd olunur ki, Bəhreyn “Patriot” raket sisteminin potensial alıcısı kimi 2,48 milyard dollar ödəyəcək. Bu sistemə MIM-104E tipli 36 ədəd “Patriot” raketləri daxildir. Onlar təyyarələri və gəmidən buraxılan raketləri məhv etməyə qadirdir. Konqresə təqdim olunmuş digər paketdə bu ərəb ölkəsinə 750 milyon dollar dəyərində 32 AIM-9X, habelə 20 "AGM-84 Block II Harpoon" raketləri, kiçik diametrli bombalar və digər silahların satışı nəzərdə tutulur.
Konqresə göndərilən üçüncü paketdə isə BƏƏ-yə 2,763 milyard dollarlıq “Patriot” raketləri və digər silahların satışı planlaşdırılır.
Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi qeyd edib ki, bu silahların satışı üzrə danışıqlar başa çatıb və müvafiq sazişlər imzalanıb.