“Ermənistan xarici işlər nazirinin bu paylaşımı Rusiyaya açıq-aşkar meydan oxumaqdır”.
Mehmet Perincekin sözlərinə görə, erməni nazirin daşnak cəlladının fotosunu paylaşması təsadüfi deyil və bu, əslində Ermənistanın gerçək simasının göstəricisidir:
“Erməni nazirin bu paylaşımının təsadüfi və ya məqsədli olduğunu söyləmək çətindir. Lakin, bu, çox məşhur fotoşəkildir və onu fərqləndirməmək mümkün deyil.
Hətta erməni nazir bu barədə məlumatsız olsa belə, onun aparatı və köməkçiləri şübhəsiz ki, həmin şəkildəkilərin kim olduğunu bilirlər. Mən “Twitter”də Mnatsakanyana yazaraq, bu addımının kobud səhv olduğunu bildirdim. Buna baxmayaraq, nazir o şəkli yenə də silmədi.
Buradan belə nəticəyə gəlmək olar ki, o, erməni faşistlərinin fotosunu məqsədli şəkildə paylaşıb. Əks halda, nazir öz paylaşımını düzəldərdi.
Digər tərəfdən, Ermənistan xarici işlər nazirinin bu paylaşımı Rusiyaya açıq-aşkar meydan oxumaq, ona qarşı hörmətsizlik və faşizm qurbanlarının xatirəsinə təhqirdir”.