Donald Tramp, Birləşmiş Ştatların prezidenti olduğu müddətdə milyardlarla dollar itirdiyindən şikayət edib.
Eurasia Diary NBC News-ə istinadən xəbər verir ki, Amerika prezidenti, dünən-çərşənbə axşamı Pensilvaniyadakı fabrikə baş çəkərkən, prezidentliyinin şəxsən ona milyardlarla dollara başa gəldiyini söyləyib və müxtəlif məhkəmə proseslərində onu müdafiə etdiklərinə görə vəkillərə ödədiyi pulları qeyd edib.
"Prezidentlik mənə bütöv bir sərvətə başa gəlir"- Tramp şikayət edib.
"5 milyard dolları itirmək üzrəyəm, buna nə deyirsiniz?" Tramp, vəkillərin onun üçün bahalı olduğunu qeyd edərək qəzəblənib, çünki "hər gün nədən ötrüsə məni məhkəməyə verirlər".
“Yəqin ki, prezident olmaq imtiyazı mənə 3 milyarddan 5 milyard dollara kimi başa gələcək. Amma, mənim vecimə deyil, tüpürürəm belə işə. Bilirsiniz, varlısınızsa, bu hələ heç nə deyil. Mən, sadəcə böyük bir iş görmək istəyirəm "-Tramp deyib.
NBC News qeyd edib ki, prezidentin bu bəyanatını yoxlamaq mümkün deyil, çünki vergi bəyannaməsini dərc etməyib.(moderator)