ABŞ Prezidenti Donald Tramp avqustun 29-da elan edib ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması qərarına baxmayaraq, orada 8600 hərbi qulluqçu saxlamağı planlaşdırır.
Eurasia Diary xəbər verir ki, D.Tramp “Fox News Radio”ya müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı qoşunlarının sayını azaldaraq 8600 hərbi qulluqçuya çatdıracaq, sonra gələcək addımlar barədə qərar qəbul edəcək.
Prezident deyib: “Biz orada müharibə aparmırıq. Biz sadəcə polisik. Əgər mən 10 milyon adam öldürmək istəsəydim, onda bu müharibəni sürətlə udardım. Mən bu ölkənin əhalisinin böyük hissəsini öldürməyə hazırlaşmıram”.
Hazırda Əfqanıstanda təqribən 14 min Amerika hərbi qulluqçusu var. Onlar İŞİD və “Əl-Qaidə” terrorçu qruplaşmalarına qarşı antiterror əməliyyatlarının aparılmasında Əfqanıstanın hərbi qüvvələrinə kömək edirlər. (azertac)