Xəbər verildiyi kimi, son təxminən 1 saat ərzində Ermənistanda ard-arda iki zəlzələ baş verib. Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.
Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub.
Eurasia Diary xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü şəhərində birinci zəlzələ 5-6 bal gücündə hiss edilib. Bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzinin rəhbəri Karen Mxitaryan deyib. İdarə rəisi hazırda gərgin iş şəraiti ilə əlaqədar dağıntı və ya tələfat barədə məlumat verə bilmədiyini bildirib.
Xüsusilə güclü təkanlar Gümrünün çoxmənzilli binalarında və kotteclərində hiss olunub.