İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda Ağ Evdəki telefonları dinləyəcək sistemlərin yerləşdirilməsi iddialarını yalanlayıb.
Eurasia Diary-nin verdiyi xəbərə görə, qurulan sistemlə Trampın izləndiyi iddia edilirdi.
Rusiya prezidenti Vladimir Putin ilə Soçidə görüşən İsrailin baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı açıqlama verib.
O, iddiaları yalanlayaraq, Ağ Evdəki heç bir telefonun dinlənilmədiyini bildirib: "Bir təlimat vermişəm. ABŞ-da kəşfiyyat məlumatları toplanılmamasına dair mənim dəqiq tapşırığım var. Bu tapşırığa tamamilə əməl olunur. ABŞ ilə heç bir kəşfiyyat əlaqəsi qurulmayacaq, casusluq edilməyəcək".
Netanyahudan əvvəl İsrailin xarici işlər naziri İsrael Kas da iddiaları yalanlamışdı. O, ABŞ ilə İsrail arasında kəşfiyyat əməkdaşlığının olduğunu bildirmişdi. "Politico" saytı ABŞ-ın yüksək rütbəli keçmiş polis əməkdaşlarının dediklərinə əsasən, 2017-ci ildə Vaşinqtonda Ağ Evin yaxınlığında telefonları dinləyən bir sistemin aşkar edildiyini bildirib.
Xəbərdə ABŞ-ın təhlükəsizlik və kəşfiyyat xidmətləri tərəfindən İsrailə məxsus olan telefon dinləmə sistemlərinin aşkar olunması da qeyd edilib.
Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp isə bu iddiaların əsassız olduğunu və bu cür məlumatlara inanmadığını bildirib: "İsrail kəşfiyyatının bizi izləməsinə inanmıram, ancaq hər şey mümkündür”.
İsrail hərbi kəşfiyyatı “AMAN”ın keçmiş rəisi Amos Yadlin isə bildirib ki, bu, saxta, antisemitizmin istiqamətləndirdiyi xəbərdir. Onun sözlərinə görə, İsrailin siyasətində artıq bir neçə on ildir ki, ABŞ-a qarşı casusluq etmək qəti qadağan olunub.(musavat)