Hakerlər Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi saytı da daxil olmaqla yüzlərlə gürcü portalına hücum təşkil ediblər.
Eurasia Diary-nin xəbərinə görə, Zurabişvilinin saytında keçmiş Prezident Mixail Saakaşvilinin üzərində “Mən qayıdacağam” sözləri yazılmış fotosu yerləşdirilib.
Hazırda Prezidentin saytı işləmir. “Netrgazeti” nəşrinin “Pro-Service” şirkətinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, təxminən 2 min sayt kiber hücuma məruz qalıb və onların sayı durmadan artır. Haker hücumlarının qurbanları hökumət idarələrinin, məhkəmələrin, qeyri-hökumət təşkilatlarının, şirkətlərin və medianın səhifələridir.
Xatırladaq ki, M. Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. O, ölkəsində bir neçə cinayət işində qiyabi mühakimə olunub. (Qafqaz.info)