Birinci Dünya müharibəsinin başa çatmasının 101-ci ildönümü Fransada qeyd edilib | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Birinci Dünya müharibəsinin başa çatmasının 101-ci ildönümü Fransada qeyd edilib

Dünya A- A A+

Noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 101-ci ildönümü münasibətilə Parisdə, Zəfər Tağının yerləşdiyi meydanda ənənəvi təntənəli mərasim keçirilib.

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, ənənəvi olaraq Fransa Prezidenti Emmanuel Makron ölkənin sabiq Baş Naziri Jorj Klemansonun abidəsi önünə gül dəstəsi qoyduqdan sonra Yelisey Çölləri prospektindəki Zəfər Tağı ətrafında rəsmi mərasimə qoşulub.

Fransa Prezidenti Emmanuel Makron fəxri qarovul dəstəsini salamladıqdan sonra hərbi orkestrin ifasında bu ölkənin dövlət himni - “Marselyoza” səsləndirilib.

Fransa Prezidenti “Əbədi məşəl”i alovlandırıb.

Təntənəli mərasim “Naməlum əsgər” abidəsinin üzərinə əklilin qoyulması, müharibə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və şeypurun çalınması ilə başa çatıb.

Əvvəlki illərdən fərqli olaraq bu il rəsmi mərasimdən sonra ölkə prezidenti və rəsmiləri 2018-2019-cu illərdə Fransanın sərhədlərindən kənardakı əməliyyatlarda (opex) Fransa naminə həlak olan 549 hərbçinin xatirəsini yad ediblər. Mərasim iştirakçıları onların xatirəsinə Parisin 15-ci rayonunda Andrey Sitroyen parkında ucaldılan abidənin açılışına qatılıblar.

Xatırladaq ki, Birinci Dünya müharibəsində atəşkəs barədə müqavilə 1918-ci il noyabrın 11-də saat 11-də Kompeyn meşəsində vaqonda imzalanıb. Şeypur səsləri Birinci Dünya müharibəsində atəşkəsin elan edildiyini xəbər verib. Beləliklə, müttəfiqlər və Almaniya həmin dövrə qədər bəşər tarixinin ən qanlı müharibəsinin rəsmi olaraq başa çatması barədə razılığa gəliblər.

Dörd il davam edən müharibə zamanı 18 milyon 600 min insan həlak olub ki, bunlardan 9 milyon 700 mini hərbçi, 8 milyon 900 mini isə mülki şəxs idi. Müharibədə ən çox mülki şəxs - 4 milyon 200 min nəfər Osmanlı imperiyasında həlak olub. Müharibədə 1 milyard mərmi atılıb. Bunun dörddəbiri partlamayıb. Bu gün də 100 minaaxtaran ildə 300 ton partlamamış mərmi aşkarlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...