İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə ukraynalı həmkarı Vadim Pristayko arasında telefon danışığı olub.
Eurasia Diary xəbər verir ki, bu barədə İran XİN-in rəsmi “Telegram” kanalında məlumat yerləşdirilib.
Qeyd olunub ki, rəsmi Tehran təyyarə qəzasında həlak olan Ukrayna vətəndaşlarının cəsədlərini Kiyevə təhvil verməyə hazırdır. Zərif bildirib ki, İran həmçinin qara qutunun oxunmasında ukraynalı mütəxəssislərin köməyini də qəbul edəcək .
Vadim Pristayko isə, öz növbəsində, əməkdaşlığa və Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.
“Report” xatırladır ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan İran, Ukrayna, Kanada, Almaniya, İsveç və Əfqanıstandan olan 167 sərnişin və 9 heyət üzvü həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. (virtualaz.org)