Berlin Liviyadakı vəziyyətin həll edilməsinə dair beynəlxalq sülh konfransına ev sahibliyi edib. Danışıqlarda Putin, Merkel, Makron və Quterreşlə yanaşı, Böyük Britaniya, Misir və Türkiyə liderləri, Avropa Komissiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Sammit zamanı Liviyadakı humanitar problemlərin həllini təklif edən yekun sənəd qəbul edilib. Bundan başqa, davamlı atəşkəsi təmin etmək üçün hərbi komitənin yaradılması qərara alınıb.
Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Vladimir Orlov Sputnik radiosunun efirində bildirib ki, Qərb Rusiyanın Liviyada sülhün bərqərar edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.
“Rusiya həqiqətən də bu gün Liviyadakı sülh prosesində əsas oyunçulardan biridir. ABŞ-ın Qərb koalisiyası ilə birgə ölkəni faktiki olaraq qırğına, vətəndaş müharibəsinə sürükləyərək gətirdiyi xaosdan sonra Rusiya bu gün bu münaqişənin müxtəlif siyasi və hərbi iştirakçılarını danışıqlar masası arxasına oturdur. Həm Moskva konfransı, həm də Berlin konfransı göstərir ki, Rusiya iştirakı və faktiki aparıcı rolu ilə bu gün bu sülh prosesinin əsas təşəbbüskarıdır. Ümumiyyətlə, Rusiya Qərbin əvvəllər səy göstərmədiyi və ABŞ-ın əleyhinə olduğu bir şeyi edə bilib – Liviyada müharibə edən tərəflər arasında birbaşa danışıqlara nail olub”, – Orlov deyib.
Berlin konfransı Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada baş tutmuş danışıqlardan sonra keçirilib. Məlumatlı mənbə deyib ki, Liviya Milli Ordusunun komandiri marşal Xəlifə Haftar Tripoli hökuməti ilə atəşkəs razılaşmasını imzalamadan Moskvanı tərk edib. Bir müddət sonra mediada yayılan məlumatlara görə, Haftar onun qoyduğu şərtlərin yerinə yetirilməsi halında atəşkəsə hazır olduğunu açıqlayıb.
Haftar həmçinin Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq, ona Liviyada sülh və sabitliyin bərqərar olmasında göstərdiyi səylərə görə təşəkkürünü bildirib.