İranda koronavirus epidemiyasının mərkəzi sayılan Qum şəhərində xəstəlikdən ölənlər üçün qazılan kütləvi məzarların peyk görüntüləri yayımlanıb.
"EDNews" Hürriyet qəzetinə istinadən xəbər verir ki, koronavirus qurbanları üçün qazılmış qəbiristanlıqların peyk görüntüləri ölüm hallarının artmasına dair şübhələri artırıb. Peyk vasitəsilə çəkilmiş şəkillərdə əhəng yığınları da qabarıq şəkildə görünür.
İran rəsmiləri daha əvvəl açıqlamalarında koronavirus qurbanlarının dəfn edilməsi üçün əhəngdən istifadə edildiyini təsdiqləyib. Əhəngin istifadəsinin kütləvi məzarlarda çürümənin və qoxunun qarşısını almaq üçün nəzərdə tutulduğu bildirilib.
Qeyd edək ki, son məlumatlara görə, İranda “COVİD-19” yoluxucu xəstəliyindən 429 nəfər dünyasını dəyişib.