Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi bildirib ki, aprelin 2-si üçün olan məlumata görə, 60 polis işçisi və köməkçi polisin 35 əməkdaşı yeni COVID-19 koronavirus pnevmoniyası epidemiyasına qarşı mübarizədə xidməti vəzifəni yerinə yetirərkən həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadən xəbər verir ki, həlak olmuş zabitlərin səkkizi Xubey əyalətindən idilər. İctimai Təhlükəsizlik Nazirliyindən bildiriblər ki, bu polislər COVID-19 ilə mübarizənin ön xəttində çalışır, yoluxmuş pasiyentləri və ya onlarla sıx əlaqədə olmuş insanları izləyir, həmçinin epidemiya əleyhinə vasitələrin və materialların çatdırılması ilə bağlı dələduzluq haqqında işlərin araşdırılması ilə məşğul olurdular.
Nazirlikdən verilən məlumata görə, polislər və köməkçi polisin əməkdaşları Hubey əyalətində 13 milyon nəfərin koronavirus infeksiyasına yoluxub-yoluxmadığını yoxlayıb, 100 mindən çox xəstə üzərində epidemioloji araşdırmalar aparıb, COVID-19 xəstəliyinə tutulması təsdiq edilmiş və ya güman edilən insanlar kateqoriyalarına aid 80 mindən çox adamın yerini dəyişməyə kömək göstəriblər.
Həlak olmuş zabitlərdən iyirmisi fəxri medallarla təltif edilib. Nazirlikdə bildirilib ki, onların ailələrinə kömək göstəriləcək.