"Ciddi problemlərlə üzləşdiyimizdə qlobal liderliyin olmadığını anlayırıq", - Dünya İncəsənət və Elm Akademiyasının prezidenti və icraçı direktoru Garry Jacobs Akademiyanın bugün keçirilən vebinarında söyləyib.
EDNews.net bildirir ki, cənab Jacobs liderliyə ehtiyac olduğunu qeyd edərək mövcud vəziyyəti dəyərləndirib.
“2020-ci ildə bir neçə il öncə az sayda insanın ehtimal edə biləcəyi, müasir dövrdəki daha bir böhranlı vəziyyətlə qarşılaşmışıq. Pandemiya bu hadisələrin yalnız ən dramatik, ən çox hiss olunanıdır".
Baş direktor demokratiyanın geriləməsi, yeni silahlanma yarışı, cəmiyyətin qütbləşməsi və iqlim problemlərinin gündən-günə artması kimi bir sıra mövcud problemlərdən bəhs etdi.
“Biz bu problemlərin Soyuq Müharibənin sonunda aradan qaldırılacağını düşünürdük. Heç vaxt bunların sürətlə artacağını təsəvvür etmirdik".
Garry Jacobs hesab edir ki, dünya yer üzündəki bütün insanların ehtiyaclarını ödəmək qabiliyyətinə malikdir. Lakin o, resurslardan effektiv şəkildə istifadə olunmaması və bu problemlərin həllində siyasi iradənin nümayiş etdirilməməsini qlobal problemlərin həlli üçün əsas maneə görür.
Onun sözlərinə görə, bu problemləri dəf edə biləcək bir liderlik, düzgün yolu göstərərək hər yaşda olan insanları əhatə etməlidir.
Garry Jacobs siyasət, biznes, vətəndaş cəmiyyəti, təhsil və digər sahələrdə liderliyə ehtiyac olduğunu vurğuladı.