Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələrinin rəsmi hesabatı dərc edilib.
EDNews.net-in məlumatına görə, sənəddə son bir həftə ərzində ABŞ-a və başqa ölkələrə məxsus hərbi kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərini 35 dəfə pozduğu, bir çox hərbi, mülki obyektləri izlədikləri bildirilir.
Hesabatda deyilir ki, sərhəd pozucularının qarşısını almaq üçün növbətçi qırıcılar 19 dəfə havaya qaldırılıb, amma ciddi toqquşma baş verməyib. Hesabatda rus hərbçilərin öz aralarında "gözəgörünməz əclaf" adlandırdıqları, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Beechcraft RC-12 X Liberty" kəşfiyyat təyyarəsinin uçuşundan da bəhs olunur. Hesabata görə, bu ABŞ təyyarəsi yanvar ayında 8 min metr hündürlükdə, saatda 450 kilometr sürətlə Kalininqrad vilayəti üzərində kəşfiyyat uçuşu keçirib və heç bir maneə olmadan Litvanın Şyaulya avibazasına enib. Rusiya sərhədçiləri bu sərhəd pozucusunu qeydə alsalar da, rəqib təyyarəni təqib etmək mümkün olmayıb.
Rusiyanın əleyhdarları "Beechcraft RC-12 X Liberty" kəşfiyyat təyyarəsinin hətta bir dəfə maneə ilə qarşılaşmadan Sank-Peterburq şəhərinin "seyrinə" çıxdığını da iddia edirlər. (moderator.az)