Ermənistanın təcavüzkarlığını qətiyyətlə qınayır, dünyanın bütün ölkələrini bu işğala və hücumlara qarşı Azərbaycanla həmrəy olmağa çağırırıq.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun rəsmi “Twitter” hesabında ifadə edib.
Paylaşımında “Azərbaycandakı qardaşlarımızla hər zaman çiyin-çiyinə olacağıq”, -deyən F.Altun Ermənistanın təcavüz etməzdən əvvəl bunu nəzərə almalı olduğunu, müharibə və qeyri-sabitliyin bölgəyə fayda verməyəcəyini vurğulayıb.
F.Altun bildirib: “Beynəlxalq ictimaiyyət erməni təxribatını görməzdən gəlir. On illərdir ki, heç bir şey etmədən, hətta qeyri-qanuni işğala ortaq olmaqla erməni tərəfini cəsarətləndirdilər. İndiki münaqişə vəziyyətin davamlı olmadığının sübutudur. Ermənistan Azərbaycan ərazisində işğalçı mövqeyindədir. On illərdir ki, onlar nəinki Dağlıq Qarabağı işğal etdilər, hətta Azərbaycana qarşı davamlı təxribatlara cəhd göstərdilər. Bu gün etdikləri hücum bir daha təhlükəli vəziyyət yaratdı. Ermənistanın təcavüzkarlığını qətiyyətlə qınayır, dünyanın bütün ağlı kəsən ölkələrini bu işğala və hücumlara qarşı Azərbaycanla həmrəy olmağa çağırırıq.
Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Bunun üçün tələb olunan nədirsə onu edirik”.