ABŞ Səhiyyə naziri Xavier Bekerra Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin Çində koronavirusun mənbəyini yenidən araşdırmalarını istəyib.
Eurasia Diary xəbər verir ki, ABŞ Çin hökumətini ilk araşdırmanın nəticələrinə müdaxilə etməkdə günahlandırır.
Ümumdünya Səhiyyə Təşkilatının illik toplantısında danışan Xavier Bekerra beynəlxalq mütəxəssisləri koronavirusun mənşəyini araşdırmağa davam etməyə çağırıb.
ÜST mütəxəssislərinin bundan əvvəl Çinin Vuhan şəhərində etdikləri araşdırmalardan hər hansı nəticə əldə edə bilmədiklərini qeyd edən nazir araşdırmaların ikinci mərhələsinin şəffaf şərtlər altında aparılmasının lazım olduğunu bildirib.
Amerikalı nazir araşdırma işinin müstəqil şəkildə aparılmasının mühümlüyünə toxunaraq ABŞ-ın Çindəki ilk araşdırmaların keyfiyyətindən şübhə etdiyini diqqətə çatdırıb. O, bundan sonra ehtimal olunan pandemiyalara qarşı vaxtından əvvəl məlumatlılığı formalaşdırmaq məqsədilə ölkələr arasında məlumat mübadiləsinin aparılmasının vacibliyinə toxunub.
Xatırladaq ki, koronavirusun mənbəyini tapmaq üçün virusun başlanğıc nöqtəsi olaraq qəbul edilən Çinin Vuhan şəhərində araşdırmalar aparan ÜST mütəxəssisləri virusun heyvanlardan insanlara necə keçdiyinə cavab tapa bilməyiblər. Mütəxəssislər yeni növ koronavirusun laboratoriya istehsalı olması ehtimalının isə qeyri-mümkün olduğunu bildiriblər.