Türkiyənin müdafiə sənayesi bazarında innovativ məhsullarla təmsil olunan “STM Savunma” şirkəti tərəfindən istehsal edilən “Kargu” kamikadze tipli Pilotsuz Uçuş Aparatının (PUA) tədarükü barədə ilk ixracat müqaviləsi imzalanıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.
Türkiyənin təhlükəsizlik qüvvələrinin ehtiyacları istiqamətində inkişaf etdirilən və ilk dəfə IDEF-2017 sərgisində təqdim edilən “Kargu” 2018-ci ildə Türkiyə Silahlı Qüvvələri inventarına daxil olub. Döyüş meydanında baş verən dəyişikliklərə uyğun olaraq yenilənən və döyüş meydanında özünü sübut edən “Kargu” bir çox ölkənin diqqətini çəkib. Kvadrakopter tipli PUA ixrac bazarına çıxma üçün fərqli ölkələrdə keçirilən sınaqlarda iştirak edib.
Türkiyənin müdafiə sənayesi rəsmisi bildirib ki, yüksək səviyyəli danışıqlardan sonra “Kargu”nun ixracına dair ilk müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində ixrac olunan hava vasitələrinin çatdırılması 2021-ci ildə başa çatacaq. Şirkət bu günə qədər Türkiyə təhlükəsizlik güclərinə çox sayda “Kargu” təslim edib.
PUA-ların konkret olaraq hansı ölkəyə tədarük edilməsi barədə məlumat verilməyib.