"Dünyada 1 milyard uşaq iqlim dəyişikliyinin ağır təhdidləri ilə üz-üzə qalacaq".
EDNews.net xarici KİV-lərə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) iqlim dəyişikliyinin uşaqlara birbaşa təsirini araşdıran ilk hesabatını təqdim edib. UNICEF-in hesabatında dünyada təxminən 1 milyard uşağın iqlim dəyişikliyi ilə əlaqədar fəlakət və epidemiya təhlükəsi altında olduğunu bildirib.
Hesabatda həmçinin bildirilib ki, dünyada yaşayan hər bir uşaq daşqınlar və quraqlıq kimi iqlim dəyişikliyi ilə əlaqədar ən az bir hadisəyə məruz qalacaq.
Beləliklə, hesabatdakı əsas məqamlar aşağıdakılardır:
- Dünyadakı uşaqların təxminən yarısı, yəni 1 milyard uşaq həyatı boyu sel və epidemiyalar kimi iqlim dəyişikliyi ilə əlaqədar nəticələrə məruz qalacaq.
- 1.2 milyard uşaq, ağır yoxsulluq və sağlamlıq xidmətlərindən istifadə imkanları məhdud olan ölkələrdə bu təsirləri daha ciddi şəkildə yaşayacaq.
- Dünyada hər üç uşaqdan biri ən az dörd ekoloji stresə məruz qalacaq.
- 240 milyon uşaq sahil daşqınlarına, 330 milyon uşaq isə çay daşqınlarına məruz qalacaq.
- 600 milyon uşağın malyariya kimi vektorlarla yoluxma təhlükəsi var.
- 1 milyard uşaq artan hava çirkliliyindən təsirlənir.
- 820 milyon uşaq istilik dalğalarından təsirlənəcək.
- Su qıtlığından əziyyət çəkən uşaqların sayı 920 milyon olacaq.
Araşdırmaya görə dünyadakı uşaqların təxminən yarısı iqlim dəyişikliyindən ən çox təsirlənəcək "ən riskli" ölkələrdə yaşayır. Uşaqların "ən çox risk altında" olduğu ölkələrin siyahısında Mərkəzi Afrika Respublikası, Çad, Nigeriya və Qvineya-Bisau kimi Afrika ölkələri ilk sıralardadır.
"Ən aşağı riskli" ölkələr İslandiya, Lüksemburq və Yeni Zelandiyadır.
"Orta yüksək riskli" ölkələr arasında olan Türkiyə dünya sıralamasında 163 ölkə arasında 97-ci sırada yer alıb.