Oktyabr ayında yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək Ermənistanın ikinci böyük şəhəri Gümrüdə Rusiya Prezidenti Vladimir Putinin rəsmini əks etdirən kampaniya plakatları peyda olub.
EDNews.net xəbər verir ki, iri reklam lövhələrindəki plakatlar Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi şəhərdə bələdiyyə seçkilərində iştirak edən Ermənistan Kommunist Partiyasına səs verməyi təşviq edir.
Afişaların yaxınlığında yaşayan Gümrü sakini başqa bir dövlətin liderinin şəkli olan plakatların şəhərdə görünməsinə təəccüblənib.
“Bu plakatları quraşdıranlar nə düşünüb bunu edir? Bunu etmək olmaz. Biz müstəqil ölkəyik, öz dövlətçiliyimiz var, Müstəqillik Gününü qeyd edirik. Sadəcə biyabırçılıqdır .... Sanki demək istəyirlər ki, tezliklə müstəqilliyinizi itirəcəksiniz”, deyə Gümrü sakinlərindən biri Radio Azatutyun-a müsahibəsində şikayətlənib.
Putinin Ermənistan şəhərlərində olması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Hüquq müdafiəçisi, müxalifətçi və sovet dövrünün siyasi məhbusu Vardan Arutyunyan Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində bu cür plakatların erməni-rus dostluğunu deyil, Sovet İttifaqı Kommunist Partiyası hakimiyyəti dövrünü xatırlatdığını deyib.
Arutyunyan qeyd edib ki, "Bizi artıq uzun müddətdir olmayan bir keçmişə, rədd etdiyimiz keçmişə, tarixin özünün rədd etdiyi cinayətkar reallığına qaytarmağa çalışırlar".