Kommunizm kabusu yenidən oyanıb - Deyəsən, ABŞ yavaş-yavaş SSRİ-yə çevrilir… - ednews.net

8 Dekabr, Çərşənbə

Kommunizm kabusu yenidən oyanıb - Deyəsən, ABŞ yavaş-yavaş SSRİ-yə çevrilir…

Dünya A- A A+

Bu yaxınlarda Valday forumunda Vladimir Putin ABŞ-ın getdikcə daha çox bolşevik Rusiyasına bənzədiyinə diqqəti çəkdi. Amerikalı “sosial ədalət əsgərləri”nin fəaliyyəti Putinə çoxdan vidalaşdığımız sovet keçmişinin təcrübələrini xatırlatdı. “Aqressiv doqmatizm absurd astanasında”, - deyə o, ABŞ-da yeni sosial gündəmin təbliğatını belə qiymətləndirdi.

Sorğular göstərir ki, getdikcə daha çox amerikalı sosialist ölkədə yaşamaq istəyir. “YouGov” sosioloji xidmətinin məlumatına görə, ABŞ gənclərinin 44%-i belə fikirdədir. Digər 7% isə ümumiyyətlə kommunizmdə yaşamaq istəyir. Respondentlərin 32%-i Marksı, 23%-i isə Lenini bəyənir. Bəs necə oldu ki, kapitalizmin qalasında solçu ideyalar populyarlıq qazanmağa başlayıır?

EDNews.net Moderator.az-a istinadən “Aif”-in sözügüdən mövzuyla bağlı məqaləsini oxucularına təqdim edir.

Yeni köhnə ideyalar 2021-ci ilin yayında 1,5 milyon əhalisi olan Filadelfiyada “Sosializm və Azadlıq uğrunda” Partiyası və “Qaraların Həyatı da Önəmlidir” (Black Lives Matter - BLM) hərəkatının fəallarının təşkil etdiyi 100 000-lik mitinq keçirildi. Qaradərili fəal Yucin Puryer böyük bir izdiham qarşısında çıxış edərək dedi: “1791-ci ildə qul sahiblərinə qarşı üsyan edən haitili yoldaşların haqq işinə inanıram. Hər şeyi yandırdılar, amma sonda azad oldular. Varlılar qoy bizə gülsünlər, qışqırsınlar ki, “İş tapın!”. Biz bu kapitalist sistemi diz çökdürəcək qarşısıalınmaz qüvvəyik”. Puryer mediaya müsahibəsində Sovet İttifaqını dövlət strukturunun nümunəsi hesab etdiyini gizlətməyib: “Pulsuz təhsil, müalicə, hətta mənzillər də verilirdi - biz də buna can atmalıyıq”

Belə əhval-ruhyyə təkcə küçələrdə hökm sürmür. ABŞ Konqresində 32 yaşlı demokrat konqresmen Aleksandriya Okasio-Kortes milyarderlərin mövcud olmasına imkan verən dünyanı mənəvi hesab etmədiyini açıq deyir. O, tamamilə pulsuz səhiyyəni tətbiq etməyi, bütün amerikalıları mənzillə təmin etməyi, hər kəsə büdcə hesabına iş verməyi təklif edir. Pulu haradan almaq olar? Milyarderləri və korporasiyaları vergilərlə yükləməklə onlardan pul qoparmaq olar. Demokrat Partiyasının sol qanadının lideri Berni Sanders hətta dəqiq rəqəmlər deyir: ən varlılardan gəlirin 90%-ni almaq lazımdır, vərəsəlik vergisi isə 65% müəyyən edilməlidir. O zaman Amerika, nəhayət, hamı və hər kəs üçün sosial dövlətə çevriləcək.

Soyuq müharibənin sonunda prezident Ronald Reyqan demişdi: “Bir çox insanlar problemləri dövlətin həll etməli olduğunu düşünür, amma məncə, dövlət özü əsas problemdir”. Onun dövründə ABŞ kapitalizmin zirvəsinə çatmışdı. Vergilər az idi, yoxsullar üçün sosial müavinətlər daha da aşağı idi. Hər kəs öz sərvətinin dəmirçisidir - amerikalılar o zaman buna inanırdılar və Reyqanı ikinci müddətə həvəslə yenidən seçmişdilər. Amma indi onların nəsli fərqli düşünür. Görəsən nə baş verir?

Sol istiqamət

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov deyir: “1950-ci illərdən, hələ bəlkə də tez, ABŞ-da “kommunizm” və “sosializm” anlayışları Amerika dəyərlərinə və ənənələrinə düşmən bir şey hesab olunurdu. Lakin indi oradakı bir çox siyasətçilər özlərini sosialist adlandırmaqdan çəkinmirlər. Ən parlaq nümunə, özünü “demokratik sosialist” elan edən Vermontdan olan senator Berni Sandersdir.

Bu o demək deyil ki, solçu ideyaların tərəfdarları Amerikanı SSRİ-yə çevirmək istəyirlər. Söhbət kapitalizmin ləğvindən, istehsal vasitələrinin ictimailəşməsindən getmir. Marksın öyrətdiyi kimi, heç kim proletariat diktaturasının qurulmasını təklif etmir. Elə həmin Sandersin proqramı Şimali Avropa Sosial Demokratlarının fikirləri ilə kifayət qədər uyğundur. Aktivlərin yoxsul təbəqənin xeyrinə köklü şəkildə yenidən bölüşdürülməsi, bəzi şirkətlərin milliləşdirilməsi, ixtisar edilməsi və s. təklif edilir. Ümumiyyətlə, daha çox qazananlar imkanları az olanları dəstəkləməlidir. Təbii ki, buna kommunizm demək olmaz. Amma Amerikada, bir çox digər Qərb ölkələrində olduğu kimi, ədalət tələbinin azadlıq tələbini sıxışdırdığı göz qabağındadır. Bu cür fikirlər xüsusilə gənclər arasında populyardır”.

Amerika artıq Reyqan, Ruzvelt, Eyzenhauer dövründə olduğu kimi deyil. Əgər 1950-ci ildə ABŞ-da əhalinin 90%-i ağdərililərdən ibarət idisə, 2018-ci ildə bu rəqəm cəmi 61% idi. Qaradərililərin və latın amerikalıların nisbəti artır. 2020-ci ildə etnik və irqi azlıqların nümayəndələri artıq bütün Amerikada doğulan uşaqların yarıdan çoxunu dünyaya gətiriblər (1990-cı ildə bu, 36% idi). Ənənəvi olaraq, ağ əhali daha yaxşı təmin olunub və daha mühafizəkardır. Bununla belə, ekspertlərin proqnozlarına görə, 2045-ci ildə ABŞ-da artıq ağlar çoxluq təşkil etməyəcək. Yeni Amerikanın necə görünə biləcəyi BLM fəallarının son sosial təcrübələrində göstərilib.

Yaşasın Nyu-York kommunası!

2020-ci ilin iyun ayında etirazlardan sonra BLM fəalları Sietldə bir ay ərzində şəhərin mərkəzi ərazilərindən birini ələ keçirdilər və orada öz kommunalarını qurdular. Sietl meriyası demokratların nəzarəti altında idi və onlar polisə işğal olunmuş ərazidəki bölməni tərk etməyi və etirazçılara qarşı çıxmamağı əmr etdilər. Etirazçılar da cavab olaraq boşaldılmış zonanı “polis və zorakılıqdan azad” elan etdilər.

“Kapitoliya təpəsinin muxtar ərazisi” öz ideallarına uyğun yaşamağa çalışan radikal solçuların ilk çöl təcrübəsi idi. Etirazın qızğın vaxtında bu ərazi bir neçə küçəni əhatə edirdi - orada çadırlar, “müstəmləçilik əleyhinə söhbətlər aparmaq üçün kafelər” və hətta təcili yardım məntəqəsi var idi. Hər kəsə pulsuz yemək paylandı. Oraya şairlər və sənətçilər toplaşdı, köləliyə necə son qoyulacağından danışıldı və ümumiyyətlə, polis yox idi - şəhərin meri Cenni Durkan kommunaya toxunmamağı şəxsən əmr etdi.

Ancaq bir ay keçməsinə baxmayaraq, o, yenə də ərazini təmizləmək üçün əmr verməli oldu. Polisin yoxluğunda bölgədə cinayət nisbəti kəskin şəkildə artdı, iki qətl, bir neçə atışma və onlarla qarət hadisəsi baş verdi. “Vəziyyətin pisləşməsi və odlu silahdan istifadə ilə təkrar zorakılıq hadisələri bizi ictimai təhlükəsizlik maraqlarına uyğun hərəkət etməyə vadar etdi”, - deyə Durkan vəziyyəti şərh edərkən bildirdi.

“Əlbəttə, bu hələ ki ekzotikadır. Demək olmaz ki, bütün Amerika bu kommunalara axışıb və ya polis hər yerdə şəhərlərin küçələrini tərk edib. Amma belə hallar getdikcə tez-tez baş verir. Və təbii ki, bəzi amerikalılar üçün bütün bunlar sosial tərəqqinin sinonimidir. Onlar hesab edirlər ki, belə də davam etmək lazımdır: mövcud polis sistemindən imtina etmək, şəxsi mülkiyyət hüquqlarını məhdudlaşdırmaq və s. Demokratların nəzarətində olan bir sıra ştatlarda oğurluğa görə cinayət işinin başlanması üçün tələb olunan minimum məbləg artırılıb. Evsiz bir insan Kaliforniyada evinizin yaxınlığındakı yola öz çadırını yerləşdirərsə, siz onu artıq qova bilməyəcəksiniz. Solçu ideyalar bu və ya digər formada reallaşır. Bu prosesin nə qədər davam edəcəyini söyləmək çətindir”, - deyə Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov bildirir.

Bir şey aydındır: Amerika sürətlə qütbləşir. Mühafizəkarlar və liberallar radikallaşır və onların ideal Amerika ilə bağlı baxışları getdikcə daha da fərqlənir. Məhz bu ziddiyyət 2016-cı ildə mühafizəkar əhalinin nəzərində babalarının “Amerika arzusunu” guya təcavüzlərdən qoruya biləcək Donald Trampı hakimiyyətə gətirdi. Trampın 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, Amerika cəmiyyəti hələ də bölünür. Ona səs verən 70 milyon seçici heç yerə getməyib. Bunun gələcəkdə ABŞ üçün necə əks-səda verəcəyini hər kəs yalnız təxmin edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...